Azərbaycanda su çatışmazlığı yaranıb

  • 04.12.2019
  • 0

Əksər üzv ölkələr kimi, Azərbaycanda da su çatışmazlığı problemi yaşanmaqdadır. Çaylarımızın böyük əksəriyyəti – 70 faizi ölkədə su mənbəyi hesab olunur. Araşdırmalar göstərir ki, yağıntıların azalması səbəbindən əsas çayların axını və Xəzər dənizinin səviyyəsi getdikcə azalır. İqlim dəyişikliyinə görə bizim su resurslarımız son onilliklərdə 15 faizə qədər azalıb. 

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri dekabrın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI iclasında Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, beynəlxalq iqlim dəyişikliyi modelləri göstərir ki, bizim su resursları 2050-ci ilə qədər daha 15 faizə qədər azala bilər. İqlim dəyişikliyinin təsiri eroziyaya, o cümlədən torpağın deqredasiyasına gətirib çıxarır: "Ona görə də sudan və aqrar sahədən səmərəli istifadə iqlim dəyişikliyinin qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə müsbət praktikadan istifadə etməliyik".

İclasda çıxış edənlər bildiriblər ki, Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard dollardan çoxdur. Təşkilata üzv ölkələr Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq qurub.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb.

İclasın sonunda İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Nə düşünürsən?