Ölümə aparan heykəl ziyarəti

  • 03.12.2019
  • 0

Bakının əsas magistral yollarından olan Yusif  Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Abidənin yerinin dəyişdirilməsinə səbəb  kimi hazırda heykəlin yerləşdiyi ərazinin ziyarət üçün uyğun olmaması göstərilir. Cebhe.info əməkdaşı əraziyə baş çəkərək müşahidə aparıb. 

İlk baxışdan görünür ki, Xətainin heykəlini ziyarət etmək üçün insan həyatını sözün həqiqi mənasında təhlükəyə atmalıdır. Abidənin yerləşdiyi ərazinin hər iki tərəfi 4 hissəli avtomobil yolundan ibarətdir. 

Bundan əlavə, heykəlin arxa hissəsindən “Cavanşir” körpüsünə gedən yoldan əks istiqamətə, Ali Məhkəmənin qarşısına dönmək üçün yolayrıcı var. Sözügedən keçid Yusif Səfərov küçəsinin son təmiri zamanı açılıb. Təmirdən əvvəl avtomobillərin geriyə dönüş etməsi üçün belə bir keçid yox idi. Ərazidə avtomobillərin intensiv hərəkət etməsi, sürət həddinin  90 kilometr/saat olması vətəndaşların Xətainin heykəlinə yaxınlaşmasını mümkünsüz edir. Digər tərəfdən, insanlarının avtomobil yoluna çıxması da qadağandır və yolun ətrafı dəmir arakəsmələrlə çəpərlənib. Piyadaların yolun əks tərəfinə keçməsi üçün yeraltı piyada keçidi var. Amma piyada keçidi yeraltı olduğu üçün yenə də abidəyə yaxınlaşmaq mümkün olmur. 

Bütün bunlar nəzərə alınaraq abidənin yerinin dəyişdirilməsi hələ bir müddət əvvəl gündəmə gəlmişdi. O zaman Şah İsmayılın heykəlinin Yusif Səfərov küçəsinin sonunda yerləşən “Lalələr” parkına köçürüləcəyi deyilirdi. Amma deyilənlər təsdiqini tapmadı. Bu dəfə isə abidənin yenə Yusif Səfərov küçəsində yerləşən, heykəlin hazırkı yerinə təxminən 100-200 metr məsafədə yerləşən parka köçürüləcəyi iddia olunur. Məlumata görə, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıq aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Heykəl indiki yerindən bir qədər aralıya, elə Yusif Səfərov küçəsində, Yeni Azərbaycan Partiyasının Xətai rayon şöbəsinin inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra  abidənin ziyarəti üçün heç bir problem olmayacaq və bütün istiqamətlərdən görünəcək. 

Abidənin qoyulacağı əraziyə də baş çəkdik. Amma ərazidə Xətainin abidəsinin qoyulacağı ilə bağlı heç bir işarəyə rast gəlmədik. Qeyd edək ki, sözügedən park 2015-ci ildə salınıb. Yeni istifadəyə verilən park abidənin qoyulması üçün kifayət qədər əlverişlidir. Həm gediş-gəliş, həm də istirahət üçün kifayət qədər uyğun olan parkda abidənin nə zaman qoyulacağı isə bəlli deyil. 

Nə düşünürsən?