Bahar Muradova: “Əsas namizəd göstərmək deyil, əsas...”

  • 02.12.2019
  • 0

“Cənab Prezindetin qərarından sonra biz erkən seçkilərə start verəcəyik və ilin əvvəlindən yeni prosesə yeni tərkibdə, yenilənmiş bir formada, etimad mandatını seçicilərdən yenidən alaraq qoşula biləcəyik”.


Bunu Milli Məclisin sədr müavini Bahar Muradova APA TV-yə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında danışarkən deyib: “Çünki seçkilər vaxtında keçirilsə idi, bu ilin payızında - 6-cı çağırış parlament dekabr ayına ancaq formalaşacaqdı. Biz bu müddət ərzində ölkədə gedən proseslərdən kənarda qalmaq istəmirik. Demək olar ki, bütün qurumlar yenilənib. Prezident seçkiləri keçirilib, bələdiyyə seçkilərinə hazırlıq başa çatmaq üzrədir. Nazirlər kabineti, Prezident Administrasiyasının strukturu tam yenilənib, islahatlar tam sürətlə irəli getməlidir. Biz bu islahatları dəstəkləyən və onun mərkəzində dayanan siyasi partiyayıq. Ona görə də YAP qərara gəldi ki, vaxt itkisinə yol vermədən islahatlara tam şəkildə qoşulmaq üçün müraciət edilsin. Sağ olsunlar, həmkarlarımız da bizim fikri dəstəklədi”.


Vitse-spiker bu addımın cəmiyyətdə də razılıqla qarşılandığını xatırladıb: “İş burasındadır ki, cəmiyyətdə də bununla bağlı yekdil bir qərar var. Ona görə də görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişləri qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olundu”.


Bahar Muradova seçkilərdə gənc namizədlərə daha çox yer verilməsi məsələsinin marafona qoşulan partiyaların daxili işi olduğunu dedi: “Bu, seçkilərdə iştirak edən tərəflərin mövqeyindən asılıdır. Əlbəttə ki, YAP hər zaman bu sahədəki balansı qorumağa çalışır. Bu dəfə də belə olacaq. Digər siyasi partiyalar da necə məqbul bilsə, elə olacaq. Əsas namizədin irəli sürülməsi deyil, seçicinin ona münasibətidir”.


Vitse-spiker növbəti seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı gözləmə mövqeyindədir: “Biz partiyanın qərarı ilə hərəkət edəcəyik. Partiya bu tərkibdən kimlərinsə siyahıya daxil edilməsinə qərar versə, o zaman biz prosesə qoşulacağıq. Əgər belə olmasa, qoşulanlara dəstək verəcəyik”.


Qeyd edək ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırdır.

Nə düşünürsən?