Bakıda tullantıların emalı genişlənir

  • 21.11.2019
  • 0

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə hazırladığı yeni pilot layihə nəticəsində böyük irəliləyişlər əldə olunub.

APA TV-nin xəbərinə görə, bunu layihəyə həsr edilən mətbuat konfransında “Mott MacDonald” şirkətinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon deyib.

O bildirib ki, sonrakı illərdə layihə digər rayonlarda da həyata keçiriləcək: “6 aya yaxındır ki, biz Bakı şəhər İcra Hakimiyyəti ilə birgə tullantı və təkrar emal layihəsi üzərində birgə işləyirik. Bakı Şəhər İcra Hakimiyyəti bir ilə 1,5 milyon ton tullantı toplamaqla məşğuldur. Bu olduqca çətin bir işdir. Biz artıq iyuldan təkrar emal və çeşidləmə üzrə layihəyə başlamışıq. Narıncı qutular təkrar emal oluna bilən tullantılar üçün, yaşıl qutular isə qida, çirklənmə yarada biləcək tullantılar üçün nəzərdə tutulub. Artıq narıncı qutularda minimal çirklənmə dərəcəsi var. 2021-ci ilin sonunda Bakının 7 rayonunda bu layihə yayılmış olacaq”.

Qeyd edək ki, layihəyə əsasən, Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilib, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.

Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.

“Mott MacDonald” şirkətinin nümayəndəsi Devid Dray dörd ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində təkrar emalın 33 faizə çatdığını bildirib: “Hazırda biz Bakıda 33 faiz təkrar emal əldə edə bilirik. Bu, başlanğıc üçün fantastik göstəricilərdir. Təkrar emal olunan materiallar var ki, onları hələ əldə edə bilməmişik. Bizə dəstək olduqlarına və maraq göstərdiklərinə görə əhaliyə minnətdarlığımızı bildiririk. Onları bu layihədə daha yaxından iştirak etməyə dəvət edirik”.

Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək.

Nə düşünürsən?