Sergey Lavrovdan Qarabağla bağlı təhlükəli cəhd

  • 12.11.2019
  • 0

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan XİN-in sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib. O, Rusiyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməyə çalışdığını söyləyib:

“Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.

Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibətinin düzgün olmadığını bildirib:

“Lavrovun istəyi odur ki, Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin. Biz nəyə görə 20 ildən çox sınaqdan keçmiş danışıqlar formatını dəyişməliyik? Qəribəsi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinə Lavrovun bu bəyanatına dəstək olaraq göstərir ki, Qarabağda həm Azərbaycan, həm də Ermənistan icması yaşayıb. Bu, yanlış olaraq 1998-ci ildə olan formata hazır olmağımız kimi anlaşıla bilər”.

Politoloqun sözlərinə görə, Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır:

“Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyil. Azərbaycan tərəfi də öz mövqeyində bildirib ki, proses dayanıb, danışıqlar getmir və Paşinyanın bəyanatları anneksiya siyasətidir. Əlbəttə ki, buna cavabdeh olan Lavrova tapşırıq verilib. Lavrov da ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir. Lavrov danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya ki, Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar. Lavrovun İrəvandakı bəyanatlarını bu vəziyyəti təsdiq edən element kimi şərh etməliyik”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov noyabrın 10-da Ermənistana səfər edib.

Nə düşünürsən?