Təhsil naziri: “Hökumət bütün diqqəti təhsilə yönəlib”

  • 31.10.2019
  • 0

“Müasir dövrdə ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daim öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz”.


APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov “British Council”in “Məşğulluq imkanları üçün ali təhsil" proqramı ilə əlaqədar Bakıda məzunların əldə etdiyi nəticələrə həsr edilən ilk strateji Forumda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib: "Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir. Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır. Bu isə təhsilin rolu üçün daha vacib amildir".


Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə deyib ki, Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətə davamlı olması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir: "Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniya ilə tərəfdaşlıq çərçivəsində məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin, müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".


Baronessa Emma Nikolson onu da əlavə edib ki, Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı səfərlər iki ölkə arasında münasibətləri daha da sıx və yaxın edəcək: “Nəzərə almalıyıq ki, Böyük Britaniya Avropa İttifaqını tərk edir. Ona görə də münasibətləri yaxınlaşdırmaq bizim üçün kifayət qədər önəmli məsələdir”, - deyə Baronessa Emma Nikolson qeyd edib.

Nə düşünürsən?