Birinci hərfi böyük yazılan sözlər | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 8

  • 26.10.2019
  • 0

Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 8. Birinci hərfi böyük yazılan sözlər

8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və

qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi,

İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd

Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani

Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Mehdi

Hüseynzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar

Vahabzadə və s.

Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük

hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar,

Mehdi Hüseynzadələr və s.

8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən

adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat,

Məstan və s.

8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim

yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Versal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların

rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır:

Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam

Respublikası, Naxçıvan Muxtar Respublikası və s.

8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə

yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur,

Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.

8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının

Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan

Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan

Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən

əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır:

Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün

ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart,

Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə

göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı

birinci sözün ilk hərfi böyük yazılır.

3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə

sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər

gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər

şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik

İnstitutunun Terminologiya şöbəsi və s.

5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə,

kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq,

boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri

olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi,

Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu,

Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq

meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı,

Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel

boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi,

Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.

8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük

hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı

mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.

8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet,

jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları

dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan

Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq

sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar”

mağazası, “Badamlı” mineral suyu və s.


Musiqi: My Train's A Comin' 7:34 Unicorn Heads Rok | Dramatik

Nə düşünürsən?