Baş Polis İdarəsindən qanunsuz aksiya ilə bağlı son məlumat

  • 19.10.2019
  • 0

“Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Bakının mərkəzində keçirmək istədiyi qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınıb”.


APA TV-nin məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.


Onun sözlərinə görə, xəbərdarlıq olunmasına baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib: "İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metro stansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım. Özünüz gördünüz ki, onların qarşısı polis tərəfindən qətiyyətlə alındı".


O qeyd edib ki, mitinq keçirmək istəyənlər üçün Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası ayrılmışdı, lakin onların məqsədi mitinq keçirmək yox, iğtişaş törətmək olub.

Bakı Şəhər Baş Polis İdarəsi də Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb”.

Nə düşünürsən?