Apteklərdə dərmanlar niyə fərqli qiymətə satılır?

  • 19.10.2019
  • 0

Bu gün paytaxtımızda fəaliyyət göstərən apteklərdə dərmanların qiymətləri fərqlidir. Bu müxtəlifliyi öyrənmək üçün üz tuturuq şəhərimizdəki apteklərə. Getdik.


Atalar deyir ki, dərdi verən dərmanını da verər. Amma indi vəziyyət bir qədər fərqlidir - dərdi tapmaq asan, dərman tapmaq isə çətin olub. Dərdə dərman tapmağı müşkülə məsələyə çevirən isə apteklərdəki qiymət fərqliliyidir. APA TV olaraq Tarif Şurasının 2019-cu il üzrə 3,25 manata müəyyən etdiyi dərmanlardan birinin qiymətini şəhər apteklərində müqayisə etmək qərarına gəldik. 


Gördüyünüz bu aptekdən “Helmadol” dərmanını 3 manat 25 qəpiyə aldıq. Bu dərmanın başqa apteklərdə neçəyə satıldığını öyrənmək üçün üz tuturuq digərlərinə.


Digər aptekdə isə eyniadlı dərmanın qiyməti 2 manat 96 qəpiyə idi. Fakt ortada. Qiymət fərqli, ad isə eyni. Bəs görəsən, qiymətlərin fərqli olmasının səbəbi nədədir?


Səbəbi öyrənmək üçün həkimlərə müraciət etdik. Onların sözlərinə görə, qiymət fərqliliyi xoşagələn hal deyil. Bunun üçün dərmanlara konkret qiymət qoyulmalıdır. Lakin bir sıra amilləri nəzərə alsaq onlar qiymətlərdə fərqlilik yaradır: “Orijinal dərmanlar var ki, firma özü o dərmanı istehsal edib, icad eləyib, elmi araşdırma aparıb - onlar orijinal dərmanlardır. Onların qiymətləri əlbəttə ki, orijinala uyğun baha ola bilər. Amma sonra gəlir generiklər. Yəni eynitərkibli amma başqa firma adı ilə satılan dərmanlar var ki, bu da qanuni bir şeydir. Onların qiymətləri ucuz ola bilər. Keyfiyyət baxımından çox da fərq eləmir onların keyfiyyətlərində. Amma əlbəttə ki, orijinal deyil onlar”. 


Bu durumdan daha çox əziyyət çəkən isə dərmana ehtiyacı olan insanlardır. Qiymətlərdəki fərqlilik onları dağa-daşa salır desək, yanılmarıq: “Apteklərdə son zamanlar dərman məsələsi müşkül bir işə dönüb. Biz, məsələn, burada yaşayırıq, məcburən gedirik şəhərdən almağa ki, bəlkə bizə bir az ucuz düşər. Bütün aptekdə eyni olsa, adam gedər haradan olsa, ala bilər. Amma hamı çalışır ki, resepti götürür, bu aptekdə yoxladır ki, bunun qiyməti nə qədərdir? Harada ucuz əmələ gəlirsə, hamı qaçır oradan alır”.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər gün müəssisəyə qiymətlərdəki uyğunsuzluq, tapılmayan dərmanlar haqda 3-4 şikayət daxil olur: “Bəzən də dərman satışı ilə məşğul olan insanlar bizə müraciət edir. Deyirlər ki, dövlət tərəfindən tənzimlənən dərmanı biz dövlət tərəfindən müəyyən olunmuş qiymətə veririk, lakin başqa apteklərdə dövlət tərəfindən tənzimlənəndən aşağı qiymətə verirlər. ///Belə görünür ki, bəzi dərman şəbəkələri öz aptekləri olduğu üçün, xərcləri az olduğu üçün haqsız bazar şəraiti yaradırlar. Və öz apteklərində ucuz verirlər ki, insanlar o biri apteklərə getməsin”.


Əslində acınacaqlı və heyrət doğuran məsələdir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini  Musa Quliyev deyir ki, bunun üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi diqqət ayrılmalı və problemə çıxış yolu tapılmalıdır: “Mövcud qanunvericiliyə görə, Azərbaycanda dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bütün apteklərdə dərmanların qiymətinin eyni olması vacib şərtdir. Əgər hansısa aptekdə dərmanların qiyməti bir-birindən fərqlənirsə, bu barədə Tarif Şurasına və yaxud Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət etmək olar”.  


Elə biz də hər iki quruma müraciət etdik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Esmira Əkbərova deyir ki, bir çox parametrlər dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına təsir edə bilər. Bu vasitələrin qiyməti Tarif Şurası tərəfindən təyin olunduğu üçün həmin proses zamanı hansı amillərin nəzərə alınması Şura tərəfindən qeyd olunur.


Tarif Şurasından isə APA TV-yə bildirildi ki, dərman vasitələrinin qiyməti istehsal olunan ölkəyə görə də fərqlənə bilər. Belə ki, “Helmadol” ticarət markası ilə satılan dərman vasitəsinin Əlavə Dəyər Vergisi daxil pərakəndə satış qiyməti qanunvericiliyə uyğun olaraq Misir istehsalı üçün 2,96 manat, Türkiyə istehsalı üçün 3,25 manat təsdiq edilib.

Nə düşünürsən?