Yağışın və Arazın ümidinə qalan kənd

  • 19.10.2019
  • 0

Saatlının Orta Muğan kəndi uzun müddətdir suvarma suyunun yoxluğundan əziyyət çəkir. 


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu halda dolanışığı əkinçilikdən çıxan kənd sakinlərinin vəziyyətini anlamaq çətin deyil. Əsasən pambıq, taxıl, kartof, yonca və tərəvəz bitkilərinin əkinçiliyi ilə məşğul olan insanlar, ancaq yağış yağarsa, Araz çayında artan su ilə problemlərini müəyyən qədər həll edir. Yağış yağmayanda isə... Hə, onda çarə qalır ancaq keçmişdəki kimi əlini göyə açıb, yağış duası etməyə. 


Kənddə 600-dən çox şəxsi təsərrüfat var. 1000 hektardan da çox əkin sahəsi. Şəxsi təsərrüfatların sayı artandan kəndlərin suvarma suyuna olan tələbat da çoxalıb. Bu səbəbdən də bu kəndə su ümumiyyətlə gəlib çıxmır. Sakinlər deyir ki, problem indinin problemi deyil. Orta Muğan kəndində su problemi həmişə olub: “Kənd nümayəndəsini iş yerində tapa bilmirik, müraciətimizi edə bilmirik, mart ayından bizim kənddə su yoxdur. Hər il belədir. Haradasa 15-20 ilə yaxındır biz bu problemlə üzləşirik. Su olmayandan sonra nə əkə bilərik biz. Heç nə əkə bilmirik, sudan istifadə edə bilmirik. Acınacaqlı vəziyyətdir. Bütün kəndin su kanallarını çəkə bilərsiniz. Bir damcı istifadəyə yaralı su tapsanız, yenə gəlib məni danışdırarsınız ki, sən niyə yalan danışırsan?”


Yeri gəlmişkən kənd sakinləri içməli suyu da kanallar vasitəsi ilə əldə edir.  O da təbii ki, əgər kanallarda su olsa: “Bu kəndin sakiniyəm, burda su görmürəm. Məktəbdən çıxırıq, gedib görürük evdə su yox, çay qoymağa su yox, əl-üz yumağa su yox, paltar yumağa su yox. Təsərrüfatda əkin əkirik, su yox. Su üzündən qalmışıq girinc”.

 

İçməli suyu kəndə maşınlarla daşımaq məcburiyyətində qalan sakinlər əlavə xərcə düşür. Bu isə onların dolanışığında özünü göstərir. Yetişdirdikləri məhsulun da maya dəyəri artır: “Göz qabağındadır, şum çıxmayıb. Biz Gədəbəydən kartof toxumu gətirmişik. Bu il bizim kənd mart-aprel aylarında Rusiyaya 200 tondan çox kartof ixrac edib. Ancaq bu gün biz pomidoru, xiyarı Sabirabaddan pulla alırıq. 3 gündən bir mən suya 15 manat pul verirəm. Heyvan içmədiyi suyu mənim uşaqlarım içir. Acı sudur, yerin altından çıxarırıq. 8 metr “kaçalka” vurmuşam, orda da su quruyub”. 


Əlacsız qalan kənd sakinləri alternativ variantlar da təklif edir: “Babayam 10 nəfər ailə üzvüm var. Hamısının dolanışığına mən cavabdehəm. Nə çöldə, nə də həyətyanı sahədə su tapa bilmirəm. Mənim həyətimdən su da çıxmır. 10 nəfərin dolanışığı məndən asılıdır. Xahiş edirik, bizə köməklik edin. Alternativ variant kimi Sabir kanalından gələn Qaragöz kanalı deyirlər, o kanalın qabağını 3 km qazıb böyük arx salsalar, mövcud vəziyyətdən çıxmaq olar”. 


Məsələ ilə əlaqədar Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev deyir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərdövlətsulayihə” İnstitutu tərəfindən yeni çəkiləcək kanalın layihəsi  hazırlanır: “Yağıntı olmadığına görə, Araz çayının su mənbəyində su yoxdur. Ona görə də çətinlik çəkirik. Əhalinin su təminatı ilə əlaqədar həm suvarma suyu və həm də içməli su ilə təminat bizim öhdəmizdədir. Rayonun ancaq mərkəzi içməli su ilə təmin olunur. Qalan bütün kəndlər bizim kanallardan qidalanır. Bu Orta Muğan kanalı Sabir su kanalı sistemindən - sol sahildən qidalanır, Onun da məsafəsi Orta Muğan kanalının başlanğıcından sıfır piketindən 440-cı piketə qədər 44 km məsafədə yerləşdiyinə görə 14 kənddən kanal keçdiyinə görə, müəyyən çətinliklər baş verir”.

Nə düşünürsən?