Yeni Yasamal niyə hər gecə bu saatda zülmətə qərq olur

  • 18.10.2019
  • 0

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsində hər gecə işıqlar söndürülür. İşıqlara qənaət edirlər, yoxsa qəza üçün xüsusi “şərait” yaradırlar, bilinmir.

“Ölkə.Az”ın redaksiyasına müraciət edən şikayətçilər bildirirlər ki, hər gün saat 00:08-də küçədə olan bütün işıqlar söndürülür. Maraqlısı isə odur ki, bu proses hər gün eyni vaxtda baş verir. Sakinlərin bildirdiklərinə görə, yaxınlıqdakı tikintinin işıqları olmasa küçə tamamilə qaranlığa qərq olar. Bu vəziyyət yol hərəkəti üçün çox ciddi təhlükə yaradır. Nəzərə alsaq ki, Məhəmməd Xiyabani küçəsində avomobillər daim hərəkətdə olur, o zaman vəziyyətin daha təhlükəli olduğunu deməyə ehtiyac qalmır.


Bu şikayətlə bağlı ilk olaraq “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə müraciət etdik. O, açıqlamasında yolların işıqlandırılmasının onların səlahiyyətində olmadığını bildirdi:


“Bu, bizim quruma aid olan məsələ deyil. Biz öhdəmizə düşən işi görürük. Onları enerji ilə təmin edirik. Qalan iş isə onların öhdəsinə düşür. Həmin küçənin işıqlandırılmasında bilavasitə Bakı Şəhər Küçə İşıqları İdarəsinin Yasamal rayon şöbəsi cavabdehdir”.


Bakı Şəhər Küçə İşıqları İdarəsinin Yasamal rayon şöbəsindən isə bildirildi ki, məsul şəxslərdən heç kimin bu barədə danışmağa vaxtı yoxdur. 


Məsələni diqqətdə saxlayacağıq.

Nə düşünürsən?