Xaçmazda “Volk Qədir” ləqəbli narkotacir tutuldu

  • 17.10.2019
  • 0

Xaçmazda “Volk Qədir” ləqəbli narkotacir yaxalanıb.


APA TV-nin şimal bürosunun məlumata görə, Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonunun Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə saxlanılıb.


Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib. 


Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib: “Meşəyə gedib Qədir kişidən 1 kilo 200 qram nəşə götürdüm. Çəkmək üçün aparırdım evə, bu vaxt məni yaxaladı”.


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb: “Əvvəllər 1985-ci ildə dava üstündə məhkum olunmuşam, 1989-cu ildə də çıxmışam. İndi də bir kilodan çox nəşəni Əbülfətə satan yerdə tutublar məni. Polis əməkdaşları məni tutanda soruşdular ki, yenə də var? Dedim evdə var, gəlib evdəki nəşələri də göstərdim. Gətirib məni saldılar şöbəyə”.


Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazidə yetişdirdiyini etiraf edib. 


Müstəntiq Ceyhun Zahirovun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nə düşünürsən?