“Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb”

  • 14.10.2019
  • 0

"Azərbaycanda 2003-cü illə müqayisədə Ümumi Daxili Məhsul 3,4, orta əmək haqqı 7,5, minimum pensiya isə 10 dəfə artıb".

APA TV-nin xəbərinə görə, bunu Şuranın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışında deyib. 

O bildirib ki, son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Bu il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib. 

DOST Agentliyinin fəaliyyəti barədə məlumat verən nazir bildirib ki, 5 ay ərzində DOST Mərkəzinə müraciət edənlərin sayı 40 mindən çox olub: “Müraciət edən vətəndaşlarımız arasında keçirilən sorğu nəticəsində deyə bilərik ki, 93 faiz insan göstərilən xidmətdən razı, yerdə qalan 3 faiz isə qismən razı olduqlarını deyiblər. Bu da birmənalı olaraq sosial müdafiə, əmək, məşğulluq sahələrində həyata keçirilən islahatlara vətəndaşlarımızın verdiyi yüksək qiymətin göstəricisidir”. 

Nazirlik tərəfindən göstərilən xidmətlərin artdığını deyən Sahil Babayev həmin xidmətlərin sadələşdirilməsi, elektronlaşdırılması, əlçatan olmasına dair islahatların aparıldığını vurğulayıb. Bu çərçivədə pensiyaların avtomatlaşdırılması, Azərbaycanda uşağın doğulmasına görə müavinətlərin də proaktiv qaydada təqdim edilməsinə başlanılıb: “Yəni burada da vətəndaşımızın müraciətini gözləmədən hər hansı anadan olan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı tarixdən artıq elektron sistemlər üzərində o məlumatı avtomatik olaraq əldə edəcəyik. Övladı olan ananın mobil telefonuna müvafiq məlumat göndərərək, onu təbrik edəcək və ala biləcəyi müavinətin məbləği, hansı bank filialından alacağı haqda məlumatları təqdim edəcəyik”.

Sahil Babayev proaktiv xidmətlərin sayının ardıcıl olaraq artacağını bildirib. Qeyd edib ki, ilin sonunda 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Bu sıraya əlilliyə, yaşa, ailə başçısını itirməyə, övladın dünyaya gəlməsi ilə bağlı müavinətlər daxildir. 

Tədbirdə çıxış edən deputat Hadı Rəcəbli Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiyanın olduğunu deyib. Bildirib ki, ancaq bu konvensiya Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur:

İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.

Nə düşünürsən?