Prezident İlham Əliyevin “Rossiya” telekanalına müsahibəsi

  • 09.10.2019
  • 0

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” televizya kanalına müsahibə verib. 


- Bu il Valdayın mövzusu “Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?

- Əvvəla, “Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.


- Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?


- Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.


- Daha bir sual siyasət barədə yox, Sizin alma-mater - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?

Nə düşünürsən?