Загрузка...

Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illiyi qeyd olunub

07.10.2019 | 2 | 0

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edərək, yubileyin dövlət səviyyəsində qeyd edilməsi haqqında fərman imzalayıb.


Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, “Nəsimi ili” Azərbaycan Ordusunda silsilə tədbirlərlə geniş şəkildə qeyd edilir. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Nəsiminin yubileyinə həsr edilmiş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir keçirilib.


Tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası olduğunu vurğulayıblar. Qeyd olunub ki, Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Həmçinin mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini bildiriblər.


Tədbirdə İmadəddin Nəsimiyə həsr olunmuş film göstərilib, Sabunçu rayon 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri “Nəsimi və Dərvişlər” adlı tamaşa nümayiş etdiriblər.


3 saylı Xüsusi İnternat Məktəbinin şagirdlərinin Nəsimi yaradıcılığının incilərini tamaşaçılara “işarət dili” ilə çatdırması böyük rəğbət və alqışlarla qarşılanıb. Tədbirin sonunda Nəsimi yaradıcılığına həsr olunmuş mahnılar səsləndirilib.

Nə düşünürsən?