Загрузка...

Avtoyuma məntəqələrindəki özbaşınalıqlar: günahkar kimdir?

05.10.2019 | 15 | 0

Avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər. Bu hal isə həmin məntəqələrdə çalışan insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır. 


Qanunvericiliyin kobud şəkildə pozulması ilə nəticələnən bu durum yol-nəqliyyat hadisələrini qaçılmaz edir.


Odur ki, avtomobilinizi təmir etdirərkən, yaxud yuduzdurarkən açarları həmin məntəqələrdə kiməsə etibar etməyin. Əks təqdirdə, Əzizə İsmayılova kimi nəqliyyat vasitənizi təhvil alarkən vurulmuş halda görəcəksiniz.


Əgər maşında müşahidə kamerası olmasaydı, həmsöhbətimiz hadisənin necə və hansı şəraitdə törədildiyini sübut edə bilməyəcəkdi. Çünki avtoyuma məntəqəsində ona baş verən hadisədən xəbərsiz olduqlarını bildirməklə günahı boyunlarından atıblar: “Maşında kamera var. Kameranı qoşanda baxdım ki, yanındakı uşağa verib maşını. O da maşını arxa-arxaya verəndə kənar hissədə dəmir basdırılıb yerə, maşının qapısını çırpıb həmin hissəyə. Sonra da qışqırıblar saxla-saxla. O da saxlayıb qabağa verəndə bir az da sürtüb, maşının sağ qapısı sıradan çıxıb”.


Cabir Qədimov isə avtomobilinin açarlarını texniki-təmir məntəqələrində çalışanlara etibar etdiyini deyir. Amma deyəsən, onu unudur ki, hadisə bir dəfə baş verir: “Avtomobili texniki baxışdan keçirmək üçün gətirtmişəm bura. Gətirdikdə də açarları verirəm məntəqənin işçilərinə. Sağ olsunlar, çox etibarlı yoldaşlardır. Heç bir narahatlığım da yoxdur. Təhvil verib öz işimə gedirəm”.


Cavidan Muradov isə təhlükəsizliyə zəmanət verən ustalardandır: “Müştəri maşını gətirir, təmir edirik. İş çox çəkirsə, deyək ki, bir saat çəkəcək, müştəri gedir arxada oturub çay içir və ya nəsə bir işi varsa, gedib işini həll edir. Biz maşını təmir edib düzəltdikdən sonra zəng edirik müştəriyə ki, maşını yoxlamaq lazımdır. Müştəri gəlib oturur bizim yanımızda, sürüb maşını yoxlayırıq”. 


Əslində isə heç bir halda sürücü avtomobilinin açarlarını texniki-təmir və avtoyuma məntəqələrinə verməməlidir. Çünki bu, birbaşa yol nəqliyyat hadisələrini qaçılmaz edir. Baş verə biləcək qəzaların sayını minimuma endirmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə mütəmadi müraciətlər edərək, tövsiyələr verir. İdarənin rəsmisi Mübariz Ağayev həmin tövsiyələri belə sadalayıb: “Sürücülərimizə tövsiyə edirik ki, nəqliyyat vasitələrini təmir sexlərinə, avtoyuma məntəqələrinə təqdim edərkən  mümkün qədər çalışsınlar ki, bu onların tanıdıqları, etibar etdikləri, peşəkar şəxslərə həvalə etsinlər. Və mümkün qədər sözsüz ki, bu da həmişə mümkün olmur. Ancaq yenə də tövsiyə edirik ki, bacardıqları qədər çalışıb nəqliyyat vasitəsinin təmir sexində, avtoyuma məntəqəsində olduğu müddətdə məntəqə ətrafında olsunlar”.


Ekspert Ərşad Hüseynov deyir ki, texniki-təmir və avtoyuma məntəqələrinə gətirilən avtobiobillərlə qəzaların törədilməsi gözləniləndir: “Çünki həmin obyektlərdə çalışanların böyük əksəriyyəti gənclərdir və onların da çoxunun sürücülük vəsiqəsi yoxdur: “Amma avtomobil nəqliyyatları ilə ünsiyyətləri var. Deyək ki, avtomobil idarə edə bilirlər. Uzun müddət həmin işdə çalışıblar. Avtomobili yerindən tərpətmək, müəyyən manevrlər etməyi bacarırlar. Və ikinci bir məsələ odur ki, bu adamlar haradasa özlərini kiməsə göstərmək, özlərini müxtəlif variantlarda göstərmək həvəsinin də daşıyıcısıdırlar”. 


Bəli, artıq burada psixoloji məqamlar ortaya çıxır. Özün kiməsə göstərmək, cavanlıq havası və sair. Amma bu, heç kimə haqq vermir. Psixoloq Elnur Rüstəmov deyir ki, bu cür xoşagəlməz hadisələrdə avtoyuma məntəqəsinin sahibləri məsuliyyət daşıyır: “Oranı nəzarətsiz buraxmamalıdır. Orada çalışan işçi əməkdaşlarla, işçilərlə mütəmadi ünsiyyətdə olmalı, işi ilə maraqlanmalıdır, necə işləyirlər, bunların sağlıq durumu necədir? Və bunların zərərli vərdişi var yoxsa yoxdur? Özlərinin vizual olaraq psixoloji durumunda hansısa problem var, yoxsa yoxdur, avtomobili nə formada idarə edir?”

Nə düşünürsən?