Şair yazdıqlarına məsciddə qol qoydu, Hacı Şahin şahidlik etdi

  • 05.10.2019
  • 0

Məşədi Dadaş Məscidində gənc şair Şəhriyar del Geraninin “Gecəniz şeirə” adlı kitabının xeyriyyə məqsədli imza günü keçirilib. 


APA TV-nin xəbərinə görə, məscidin axundu Hacı Şahin Həsənlinin qonaqları salamlaması ilə başlayan tədbir şairin Məhəmməd Füzulidən, Seyid Əzim Şirvanidən və sonda müəllifi olduğu kitabdan bir neçə şeirini oxuması ilə yadda qalıb. 


Yazıçı Həmid Herisçi və digər tanınmışların da iştirak etdiyi tədbir təxminən bir saat ərzində davam edib. 


Şairin yaradıcılığını yüksək dəyərləndirən Hacı Şahin Həsənli bildirib ki, bu gün Azərbaycanda ilkə imza atılır və bu, məscidlərdə baş tutacaq yeni layihələrin carçısıdır: “Şübhəsiz ki, ardı olacaq. Elmi tədbirlər, mühazirələr, dərslər, hər halda, keçirilir, yəni bura müxtəlif sahələr üzrə mütəxəssislər dəvət olunur və icma üzvlərinə, gənclərə mühazirələr oxuyurlar. Təkcə dini elmlərlə bağlı yox, ən müxtəlif elm sahələri ilə bağlı müxtəlif layihələr məsciddə icra olunur. Amma kitab təqdimatı ilk dəfə idi. Və düşünürük ki, bu təşəbbüsü davam etdirmək lazımdır. Ümumiyyətlə, bu, tendensiya halını alsa, daha yaxşıdır. Məscidlərdə hansısa bədii əsərlərin, şeirlərin təqdimatı, poeziya gecələrinin keçirilməsi çox təqdirəlayiq addımdır və  düşünürük ki, gələcəkdə də bu istiqamətdə addımlar ataq”.


Şəhriyar del Gerani imza gününün niyə məhz məsciddə keçirilməsi məsələsinə də aydınlıq gətirib. Bütün dinlərə hörmətlə yanaşdığını bildirən şair bildirib ki, kilsələrdə mədəniyyət günü və konsert mədəniyyəti uzun zamandan bəri formalaşıb. Lakin bu kimi tədbirlər məscidlərdə demək olar ki, yoxdur. Onun sözlərinə görə, əgər sözügedən kitab nə vaxtsa ruscaya çevrilərsə, o zaman həmin əsərin təqdimatını Bakıdakı kilsələrdən birində də keçirmək mümkündür. 


Maraqlı müzakirələrlə davam edən tədbir sonda şairin kitabları imzalaması ilə başa çatıb. 


Qeyd edək ki, imza mərasimindən toplanan vəsait kimsəsiz uşaqların məktəb ləvazimatları ilə təmin edilməsinə sərf olunacaq.

Nə düşünürsən?