Səlim Müslümov Kürdəmirdə vətəndaşları qəbul edib

  • 08.12.2017
  • 0

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayonunda həmin rayonun və Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri dinlənilib. Sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya, sosial sığorta münasibətlərinə dair müraciətlər əsasən sorğu xarakteri daşıyıb və həmin məsələlərlə bağlı qanunvericiliyin müvafiq maddələri vətəndaşlara aydın şəkildə izah olunub. Məşğulluqla bağlı müraciət edən şəxslərə isə elə qəbul zamanı ixtisaslarına, əmək vərdişlərinə uyğun vakant iş yerləri təklif olunub və seçdikləri vakant yerlərə göndərişlər verilib. İşsiz və işaxtaran şəxslərdən bir qismi yeni peşələrə yiyələnmək istədiklərini bildiriblər və onlar peşə hazırlığına cəlb olunmaları üçün qeydiyyata alınıblar. Qəbul zamanı əmək hüquqlarının müdafiəsi, reabilitasiya xidmətləri ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciətlər də nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Ayrı-ayrı şəxslərin bərpa müalicəsi üçün nazirliyin reabilitasiya müəssisələrində qəbul edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları, özünüməşğulluq proqramına cəlb edilmələri üçün tapşırıqlar verilib. Bir nəfər vətəndaşın müraciətinə uyğun olaraq, onun sağlamlıq imkanları məhdud uşağına əlil arabası təqdim olunub. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nə düşünürsən?