Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur

  • 02.10.2019
  • 0

Məktəbəqədər təhsilə cəlb edilən uşaqların təhsilin sonrakı mərhələsindəki uğurları monitorinqlərdə təsdiqini tapıb. Lakin bəzi kəndlər var ki, orda məktəbəqədər təhsil ümumiyyətlə yoxdur. Bu isə özünü təhsilin keyfiyyətində göstərir. Təhsil Nazirliyi problemin aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirir.


"Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb". Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Bakı şəhəri üzrə son illər məktəbəqədər təhsilə marağın artması şagirdlərin dərsi qavramasına da müsbət təsir edir. Lakin bəzi kənd məktəbləri bu imkanlardan istifadə edə bilmir.


Məhəbbət Vəliyeva onu da bildirdi ki, bunun üçün ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin, yəni icma qruplarının yaradılması çox önəmlidir. Gələn ildən belə qrupların sayının artırılması nəzərdə tutulur.


Qeyd edək ki, 2018-2019-cu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları Bakı şəhəri və 10 rayonda 2 mindən çox uşağı əhatə etməklə fəaliyyətə başlayıb. Builki tədris ilində isə bu qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

Nə düşünürsən?