Bakıda 200-dən çox ailə mənzillərinə çıxarış ala bilmirlər

  • 26.09.2019
  • 0

Bakıda 200-dən çox ailə mənzillərinə çıxarış ala bilmirlər. Buna səbəb isə tikinti şirkəti tərəfindən onlara ''protokoldan çıxarış''ın verilməməsidir.



Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ''Olimp'' MTK tərəfindən tikilən yaşayış binasında yaşayan sakinlər mənzillərinə çıxarış almaq istəyirlər, amma şirkət tərəfindən onlara problem yaradılır.



Sakinlər iddia edir ki, çıxarışın alınması üçün vacib olan sənədlərdən biri -''protokoldan çıxarış''ı MTK verməli olduğu halda, şirkət rəhbərliyi bu sənədi verməkdən imtina edir.



Sakinlərin sözlərinə görə, MTK rəhbərliyi bu addımı atmasına müxtəlif səbəblər göstərir. Bu səbəblərdən biri də sakinlər tərəfindən kommunal ödənişlərin ödənilməməsidir.



Problemlə bağlı açıqlama verən ''Olimp'' MTK-nın sədri Lətif Kərimov isə iddialarla razılaşmır. Onun sözlərinə görə, şikayət edən sakinlərin hər birinin tikinti şirkətinə kommunal ödənişlərlə bağlı borcu var. Odur ki, borc ödənildikdən sonra onlara ''protokoldan çıxarış'' veriləcək.



Bəs belə vəziyyətdə qanun nə deyir?



Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, qanunvericiliyə görə, MTK-lar mənzilin alqı-satqısı zamanı ''protokoldan çıxarış''ı alıcıya mütləq təqdim etməlidirlər. Ancaq bir çox hallarda şirkətlər bu qaydaya əməl etməyərək vətəndaşların hüquqlarını pozurlar.



Əmlak Məsələləri Dövlət Komitəsindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda olan mənzillərə çıxarışların verilməsi üçün protokoldan çıxarış, mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı və binanın istismara verilməsi ilə bağlı sənəd tələb olunur.

Nə düşünürsən?