Prezident Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib

  • 20.09.2019
  • 0

Prezident İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Can Şunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA TV-nin məlumatına görə, dövlət başçısı nümayəndə heyətini salamlayıb. Qarşılıqlı rəsmi səfərlərin, həmçinin nümayəndə heyətlərinin səfərlərinin ikitərəfli əlaqələrin inkişafına stimul verdiyini bildirən Azərbaycan prezidenti Çin rəhbəri ilə görüşlərini xatırladıb, siyasi münasibətlərin digər sahələrdə də sıx əməkdaşlığa təkan verdiyini bildirib. Əmtəə dövriyyəsinin artmasına toxunan dövlət başçısı Çinə son səfəri zamanı iki ölkə arasında 10 müqavilənin bağlandığını vurğulayıb. Azərbaycanın energetika, nəqliyyat, humanitar səhələrdə yaxşı nəticələr göstərdiyini qeyd edib. Viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çindən Azərbaycana gələn turist sayının artmasından məmnunluq ifadə olunub. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi vurğulayan dövlət başçısı parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib.


Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Can Şu yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq ifadə edib. Çin lideri Si Cin Pinin səmimi salamlarını prezident İlham Əliyevə çatdıran qonaq, Azərbaycan rəhbərinin uzaqgörənliyi, eləcə də strateji istiqamət sayəsində Çin-Azərbaycan münasibətlərinin möhkəm, sağlam və sabit inkişaf etdiyini qeyd edib. Bu ilin aprelində ölkəsində keçirilən “Bir kəmər, bir yol” sammitinə prezident İlham Əliyevin Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı olduğunu xatırladıb.


Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Can Şu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin hökm sürdüyünü qeyd etdi. O, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini ifadə edib.


Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunulub. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib.

Nə düşünürsən?