Cek kəndi. 23.10.2006

  • 15.09.2019
  • 0

Cek kəndi Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidindədir. Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Quba şəhərinin 43 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, 1999-cu ildən Əlik bələdiyyəsinin tərkibindədir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir.


Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir.


Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən Atəşpərəstliyin izlərini özündə əks etdirən "Atəşgah" və 1000 ildən də artıq yaşı olan "Əbu Müslim məscidi" yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən "Əbu Müslim məscidi"nin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Qeyd edim ki, sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd camaatın köməkliyi ilə qismən bərpa edilmişdir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Kəndin əhalisini ceklilər təşkil edir. Ceklilər Azərbaycanın milli etnik nümayəndələridir. Ceklilərin ana dili cek dilidir.


Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası 2006-cı ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən yenidən inşa edilərək istifadəyə verilmişdir.


Tarixən köçmə həyat tərzi keçirən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. Qeyd edim ki, "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.


Kənddə məskunlаşmış əhalinin çоx böyük əksəriyyəti hаzırdа qışlаq və yаylаq şərаitindən istifаdə еtməklə hеyvаndаrlıqlа məşğul оlur. Оnlаr ilin bir yаrısını qışlаqdа, digər yаrısını isə yаylаqdа kеçirməyə аdət еdib. Hər il оktyаbrın 1-dən 15-dək qоyun sürülərini qışlаğа еndirir, may аyının 1-15-i аrаsı isə yаylаğа çıxаrırlаr.


Qədim dövrdən etibarən kənd sakinləri ovçuluqla məşğul olmuşdurlar. Ovladıqları heyvanlar əsasən, dağ kəli, dağ keçisi, qaban və digərləri idi. Hazırda isə bu ənənə, demək olar ki, itməkdədir. Ceklilərin və digər şahdağlıların əvvəllər ov etdikləri məkanlar hazırda peşəkar ovçu olan turistlər üçün çox cəlbedicidir.

Nə düşünürsən?