Praqa daha bir sovet imzasını silir

  • 14.09.2019
  • 0

Praqada sovet marşalı İvan Konevin heykəlinin götürülməsinə qərar verilib. 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Bələdiyyə Məclisinin qərarı Çexiyadakı Rusiya səfirliyinin, eləcə də Rusiya tərəfdarlarının etirazına səbəb olub. 

Abidənin qoyulduğu ölkə paytaxtının 6-cı dairəsinin meri Ondrjey Kolarj qərarın qərəzli olmadığını bildirib: “Bələdiyyə Məclisi heykəlin sökülməsi barədə qərar çıxarmayıb. Daha əzəmətli abidənin qoyulması planlaşdırılır. Praqanın azad edilməsi tarixdir və daha dolğun şəkildə nümayiş etdirilməlidir”. 

Rus generalının heykəlinə gəlincə, çex məmur onun Olşansk məzarlığı ərazisinə köçürüləcəyini qeyd edib. 

Xatırladaq ki, Konevin heykəli Praqada 1980-ci ildə - sözü gedən ölkə Çexoslovakiya kimi mövcud olan zaman qoyulub. Sovet sərkərdəsi 1945-ci ildə Praqanın faşizm işğalından azad edilməsində mühüm rol oynayıb. 

Müharibədən sonra - 1956-cı ildə əvvəlcə Macarıstanda, 1968-ci ildə isə Çexoslovakiyada antisovet çıxışların amansızcasına yatırılmasında iştirak edib.

Nə düşünürsən?