Xəstəxanalarda inqilabi yenilik edilir

  • 13.09.2019
  • 0

Gələn il yanvarın 1-dən icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması işlərini davam etdirir. Artıq bu günə qədər 80 tibb müəssisəsi 2 min ədəd kompüter avadanlığı ilə təchiz olunub. Odur ki, bundan sonra dövlət xəstəxanalarına müraciət edən vətəndaşlar əvvəlcədən ''onlayn növbə'' götürüb istədikləri həkimlərin qəbuluna düşə biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonunda yerləşən Respublika Klinik Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi üçün işlər tamamlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nin şöbə müdiri Misirxan Sadıqzadə deyib ki, informasiya-kommunikasiya texnologiyaları icbari tibbi sığortanın məlumat bazasının, proqram təminatının yaradılmasına və tətbiqinə şərait yaradacaq. Bununla yanaşı, proqram təminatı vasitəsilə müraciət edən şəxsin sığortalı olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq. Eyni zamanda, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə haqqında məlumatlar da sistemə daxil ediləcək. Həmçinin vətəndaşlar zaman və məkandan asılı olmayaraq, diaqnozları və laborator analizlərin nəticələri haqda məlumatları asanlıqla əldə edəcəklər.

Şöbə müdiri onu da qeyd edib ki, internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətləri çəkilir. 50 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub, 30 müəssisədə isə bu işlər davam etdirilir.

Tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üzrə tədbirlər bu ilin sonuna kimi davam edəcək.

Nə düşünürsən?