Azərbaycan-Rusiya biznes forumu

  • 12.09.2019
  • 0

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

İSN mətbuat xidmətindən REAL-a bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və sair sahələrdə fəaliyyət göstərən 100-dək şirkətin nümayəndəsi iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinın müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dən çox sənəd imzalanıb.

Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox artaraq 2.6 mlrd dollar təşkil edib, qeyri-neft ixracının 32 faizi Rusiyanın payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır.

S.Babayev bu gün keçirilən biznes forumun Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti mühüm addım olduğunu vurğulayıb.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatorunun müavini Vladimir Lavlensev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını söyləyib. O, son 20 ildə Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izləndiyini vurğulayaraq, işgüzar dairlələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırmışdır.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Daroxin hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Səfir Daroxin azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əməkdaşlığı daha da genişləndirməyə dəvət edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, Sankt-Peterburqun Sənaye Siyasəti və İnnovasiya üzrə Komitəsinin sədr müavini Denis Mironov Sankt-Peterburqun iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.

Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Nə düşünürsən?