Mingəçevir polisi kompleks tədbirlərə başlayıb

  • 12.09.2019
  • 0

Mingəçevirdə yol nişanlarının, piyada keçidlərinin işlək vəziyyətdə olmaması bir çox hallarda qəzalara yol açır, xəsarətlər və ölümlə nəticələnən ağır yol nəqliyyat hadisələrinə səbəb olur. 

APA TV-nin yerli bürosunun məlumatına görə, kütləvi hərəkətliliyin müşahidə olunduğu ərazilərdə belə hallara tez-tez rast gəlinir.

Məhz bu kimi önəmli  məsələlər nəzərə alınmaqla yeni tədris ili öncəsi  şəhərdə yerləşən məktəblər, uşaq bağçaları, körpələr evləri, kollecləri və universitet qarşısında piyadaların təhlükəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir, bir sıra yeniliklər tətbiq olunur. Belə ki, 8 istiqamətdə köhnə piyada keçidi nişanları müasir işıqlandırma imkanlarına malik günəş panelli nişanlarla əvəzlənib. 35-dən artıq piyada keçidi rənglənib və  nəqliyyatın  və ümumən hərəkətliliyin sıx olduğu təhsil və məktəbəqədər təhsil müəssisələri yaxınlığında ilk dəfə olaraq yeni piyada keçidləri salınıb. Şəhər sakinləri və pedaqoqlar görülən işlərdən məmnunluq ifadə edir: “Biz  yeni keçidləri salmazdan öncə ərazidəki təhlükəsizlik vəziyyətini və statistik müşahidələri tam təhlil etmişik. Hesab edirik ki, yeni keçidlər və günəş panelli yol nişanları sürücü və piyadaların təhlükəsizliyi üçün önəmli faktor  olacaq. 

Bununla belə hər iki tərəf Yol Hərəkəti Qaydalarının tələblərinə daha məsuliyyətli yanaşmalıdır. Çünki nişanlar o zaman təsirli olur ki, ondan istifadə edən şəxslər diqqət və məsuliyyət nümayiş etdirir”.

Qeyd edək ki, həyata keçirilən təhlükəsizlik tədbirləri qarşıdakı iki gün ərzində başa çatdırılacaq.

Nə düşünürsən?