Dönər necə “zəhərə” dönür? - Araşdırma

11.09.2019 | 12 | 0

Bakının müxtəlif yerlərində “2 manata dönər + ayran”, “1 manata dönər” kimi yazılan dönərxanaların sayı artıb. Vaxt və maddi baxımdan sərfəli olduğu üçün bu dönərləri heç düşünmədən alırıq. 

Yəni “ucuza qaçan” müştərilərin də sayı elə sözü gedən dönərxanalar kimi çoxalır. Səbəblər müxtəlif ola bilər - “cib məsələsi”, xəsislik və s. Amma gəlin bir anlıq düşünək... Bu isti aylarda ucuz dönərlər hansı təhlükəni daşıyır? Dönər alarkən nəyə diqqət etməliyik? 

Müxtəlif ərazilərdə dönərxanalarda çəkiliş aparmağa çalışsaq da, sahibkarın burda olmadığı, dönərin artıq satılmadığı kimi cürbəcür bəhanələr gətirilərək işimizə maneçilik törədildi. 

Şəhər sakinləri arasında apardığımız sorğudan isə belə anlaşıldı ki, dönər yeyənlər daha çox gənclərdir. Yaşlı nəslin nümayəndələri isə...

“Qazda həm də pis şəraitdə bişmiş şeydən istifadə etməyə dəyərmi. Heç yeməmişəm, uşaqlara da tövsiyə edirəm ki almasınlar”. 

“Dönərdən xoşum gəlmir, həm kökəldir adamı, həm də ki, bilmirsən nədən hazırlayırlar, ona görə də yemirəm. Evə də qətiyyən almıram”.

Gənclər isə etiraf edir ki, dönər alarkən heç nəyə diqqət etmirlər: “Bəli dönər yeyirəm, amma bir manatlıq dönərlərdən istifadə eləmirik. Bəzi insanlarda, zəhərlənmə olduğunu görmüşük”.

“Dönəri metronun çıxışından alıram. Deyirik yağlı eləsinlər, mayonezi bol olsun, yayda da alıram. Dönərə ən çox iki manat pul vermişəm, ondan artığın sadəcə üstündə ayran olanda veririk”. 

Bəs zəhərlənmə hallarının qarşısını almaq və minimuma endirmək üçün hansı işlər görülür?

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional Bölməsinin rəis müavini Elməddin Quliyev deyir ki, Bakının bütün rayonlarında yerləşən dönər satışı ilə məşğul olan subyektlərdə mütəmadi monitorinqlər aparılır: “Dönər satışı müəssisələrinə verilən ətlərin keyfiyyətli kəsimi üçün iyun ayının 21-dən agentlik reydlərə start verib. Bu sahədə biz yerli icra orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Onlara son xəbərdarlıqlar edilib ki, qanunsuz küçə kəsimlərini dayandırsınlar”. 

E. Quliyev işbazların mənşəyi bəlli olmayan, təsərrüfatlarda tələf olmuş heyvanları daha aşağı qiymətə restoranlara və dönərxanalara təklif etdiyini deyir: “Bunların da kəsimi agentliyin nəzarətindən kənarda qalan kəsim yerlərində həyata keçirilir”.

AQTA rəsmisi istehlakçıları sanitar-gigiyenik şəraiti normalara uyğun olmayan, yol kənarında, tozun-torpağın qarşısında, gigiyenik normalara cavab verməyən yerlərdən dönər və ya digər yeyinti məhsulu almaqdan çəkinməyə çağırıb: “Həmin məhsulları istehlakçılar almasalar, onlar da  orda fəaliyyət göstərməyəcəklər. Dönər satışı ilə məşğul olan subyektlər AQTA-dan qeydiyyatdan keçməlidir. İcazə kağızı olandan sonra həmin subyektlər qanuni fəaliyyətlərini davam edə bilərlər”. 

E. Quliyev deyir ki, AQTA qeydiyyatı olmayan sahibkarlıq subyektlərinin fəaliyyəti qanunla qadağandır. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən subyektlər inzibati məsuliyyət daşıyır ki, bunun üçün 4 min manatdan 5 min manata qədər inzibati cərimə nəzərdə tutulub.

 

Direktor müavinin sözlərinə görə, hər bir istehlakçı dönər satılan məntəqələrdə ətin mənşəyi və yaxud baytarlıq müayinəsindən keçməsi haqqında arayışı tələb edə bilər: “İstehlakçılara səslənirəm ki, haradasa qanunsuz küçə kəsimi,  qeydiyyatdan keçməmiş qida məhsulları sahəsində subyekt aşkar edən 1003 xəttinə bu barədə məlumat versinlər”.

Qida mühəndisi İsa Əliyevin fikrincə ümumiyyətlə yay aylarında bütün növ qidalarda - xüsusi ilə ət və ət məhsullarında bakteriyaların və sporların sayının artması müşahidə olunur. Buna riayət olunmadığından zəhərlənmələr baş verir: “Ət və ət məhsullarında iki cür bakteriya zəhərlənməyə səbəb olur. Bunlardan biri stafilokokkus aureus, digəri isə salmonella bakteriyalarıdır”.

İ. Əliyev zəhərlənmənin istehlakçıda özünü 10-12 saat sonra büruzə verdiyini deyir: “Müştəri onu alıb yedikdə ürək bulantısı, temperatur, baş ağrısı kimi əlamətlər meydana gəlir. Həmin şəxs bu halda mütləq şəkildə həkimə müraciət etməlidir”. 


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?