Göygöldə bank əməkdaşını qətlə yetirən mühafizəçi Bakıda tutuldu

  • 09.09.2019
  • 0

Göygöl rayonunda qətl hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə sentyabrın 8-də gecə saat 3:00 radələrində rayonun Üçtəpə kəndində qeydə alınıb.

Gəncə şəhər sakini, 28 yaşlı Orxan Məmmədov kənddə yaşayan 35 yaşlı Cəlilli Günay Yusif qızının yaşadığı evə gələrək, onu yatdığı yerdə qətlə yetirib.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hadisə baş verən zaman Günay Cəlili evdə 2 azyaşlı övladı və bibisi qızı ilə olub. Elə hadisədən də bibisi qızı xəbər tutub və dərhal polisə məlumat verib. Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən şəxs bu gecə Bakı şəhərində saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Günay Cəlillinin Orxan Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi deyilir. Qətllə yetirilən qadın Beynəlxalq Bankın Gəncə filialında aparıcı mütəxəssis vəzifəsində çalışıb, Orxan Məmmədov isə bankın mühafizəçisi işləyib.

Mərhumun yaxınları APA TV-yə bildiriblər ki, Orxan 2 ilə yaxın imiş Günaydan əl çəkmir, onu və atasını öldürəcəyi ilə hədələyirmiş. Bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət edilib, ancaq heç bir nəticəsi olmayıb. 

Hadisə baş verən zaman Günayı atası İranda olub. Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nə düşünürsən?