Bakıda şöbə müdirini avtomobillə vurub öldürən yeniyetməyə üç illik həbs

  • 08.09.2019
  • 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 


Oxu.Az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, Q.Qurbanov üç il müddətinə azadlıqdan məhrum edilib. 


Qeyd edək ki, ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.


Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.


Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.


Qeyd edək ki, Ləman Süleymanlı banklardan birində şöbə müdiri vəzifəsində çalışıb.

Nə düşünürsən?