Qazaxıstana 28 güləşçi ilə

  • 07.09.2019
  • 0

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda start götürəcək dünya çempionatı üçün Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandalarının heyəti açıqlanıb.

Mundialda ümumilikdə 28 idmançımız qüvvəsini sınayacaq.

Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov 57, Əhmədnəbi Qvarzatilov 61, Hacı Əliyev 65 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq. Məşqçilər heyəti 70 kq-da Ağahüseyn Mustafayev, 74-də Hacımurad Hacıyevə bel bağlayacaq. Cəbrayıl Həsənov 79 kq-da güləşəcək. Aleksandr Qostiyev 86, Şamil Zubairov 92 kq-da fəxri kürsüdə yerlamağa çalışacaq. Müvafiq olaraq 97 və 125 kq-da isə Şərif Şərifovla Cəmaləddin Məhəmmədov ölkəmizin idman şərəfini qoruyacaq.

Klassiklərimizdən Eldəniz Əzizli 55, Taleh Məmmədov 60 kq-da güləşəcək. Elman Muxtarov 63 kq-da mükafatlara iddialıdır. Rəsul Çunayevlə Sənan Süleymanov müvafiq olaraq 67 və 72 kq çəkidə etimadı doğrultmalıdır. Ağırlığı 77 kq-dən olan idmançılarla Elvin Mürsəliyev qurşaq tutacaq. Rafiq Hüseynov 82, İslam Abbasov 87 kq çəki dərəcəsində mübarizə aparacaq. 97 kq-da Orxan Nuriyev, 130 kq çəkidə isə Beka Kandelaki yarışacaq.

Qadın güləşçilərimiz isə mundiala hazırlıqlarını yarışın keçiriləcəyi Qazaxıstanda davam etdirir. Seçməmizin lideri Mariya Stadnik 50 kq çəki dərəcəsində növbəti dəfə baş mükafata iddialıdır. Türkan Nəsirova 53, Alyona Kolesnik 57 kq-da mübarizə aparacaq. 59 kq çəkidə Tatyana Omelçenko heyətdə yer alıb. Ağırlığı 62 kq-dək olan güləşçilərlə Elmira Qəmbərova yarışacaq. Elis Monolova, İrina Netreba və Səbirə Əliyeva müvafiq olaraq 65, 68 və 76 kq-da ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, 2020-ci il yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatına ayın 22-də yekun vurulacaq.

Nə düşünürsən?