Yeni kredit qiymətləndirmə sistemi

05.09.2019 | 2 | 0

“AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlanan yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək”.


REAL xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev sistemin təqdimat mərasimində bildirib.


Onun sözlərinə görə, kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmaması səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir: “Buna görə də ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək”.


M.Əliyev qeyd edib ki, sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək: “Yeni sistem AKİA-ya müvəkkil kredit təşkilatlarının kredit müraciətçilləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir. Biz fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı qazanacağıq. Belə ki, AzALES-i AKİA mərkəzləşdirilmiş qaydada idarə edəcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq.


İqtisadi diversifikasiya strategiyasının bir hissəsi olaraq, kənd təsərrüfatını modernləşdirmək üçün Azərbaycan hökumətinə resurslar lazım olduğu zaman AzALES-in əhəmiyyəti böyükdür" .


"Sistem hazırdır. Banklara test rejimində təqdim edilib.Belə bir sistemin yaradılması təqribən 200 min dollara başa gəlir" , - o vurğulayıb. 

Nə düşünürsən?