Mənzildən pul oğurlayıb özünə maşın aldı

  • 04.09.2019
  • 0

Oğurluğa girdiyi evdən götürdüyü pula özünə avtomobil alıb.

Bir neçə gün əvvəl Səbail rayonu Badamdar qəsəbəsində yaşayan Maksim Yüzbirov rayon polis idarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzilindən 12 min 500 dollar pulun oğurlandığını bildirib.

Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Mübariz Zülfüqarov bildirib ki, həmin ünvanda olarkən mənzilin işığının yanmadığını görüb, qapını qıraraq içəri daxil olub. O, mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Polis Mübariz Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.