Bu sahələrdə işləyən şəxslərin maaşları artdı - RƏSMİ

  • 01.09.2019
  • 0

Sentyabrın 1-dən Azərbaycanda aylıq minimum əməkhaqqı artıb.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib.

Bu gündən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları da artırılıb. Bununla bağlı Nazirlər Kabinetinin etdiyi müvafiq dəyişiklik bu gündən qüvvəyə minib.

Həmçinin, Prezident İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar qüvvəyə minib. Sərəncamlara əsasən, bir sıra dövlət qurumlarının əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bu gün Prezidentin "Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam da qüvvəyə minib. Sənədə əsasən, MSK üzvlərinin maaşı 50 faiz artırılıb.

Digər sərəncamlara əsasən isə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artıb. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları da qeyd edilən məbləğdə artıb.

Qeyd edək ki, artım 950 minədək vətəndaşı əhatə edəcək və bu zamana qədər aylıq minimum əməkhaqqı 180 manat olub.

Nə düşünürsən?