Bakıda mağaza qarət edilib

  • 30.08.2019
  • 0

Bakıda mağazadan oğurluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhərə yaxın paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsi 24 ünvanında hovuz aksesuarları satılan mağazada baş verib.

Zərərçəkmiş mağaza sahibi Bayram Əsədli deyir ki, onlar səhər işə gələrkən hadisədən xəbər tutublar.

O, hadisə ilə bağlı ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 37-ci polis şöbəsinin əməkdaşları gəlib, mağazadakı əl-barmaq izləri götürüblər.

Polis mağazanın müşahidə kameralarına baxış keçirərkən müəyyən edib ki, hadisəni törədən təxminən 40-45 yaşlı bir kişidir. O, üzü düşməsin deyə başına papaq qoyub. Daha sonra mağazanın plastikdən olan qapısını vintaçanla qırıb içəri girib. Polis araşdırma apararkən müəyyən edib ki, həmin şəxs yaxınlıqdakı başqa mağazaya da eyni üsulla girərək ordan da kompüter və telefon oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxsin axtarışı aparılır.