Kütləvi zəhərlənmə hallarının artmasının səbəbi nədir?

  • 30.08.2019
  • 0

Son bir ayda ölkənin müxtəlif rayonlarında keçirilən toy mərasimlərində 100-dən çox vətəndaş zəhərlənib.

Toyların kütləvi zəhərlənmə mərasimlərinə çevrildiyi əsas hadisələr İsmayıllı rayonunun Qəzli qəsəbəsi və Qəbələnin Zərgərli kəndində olub.

Bu haqda Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də birgə məlumat yayıb.

Baş verənlər fonunda artıq toylara gedən vətəndaşlar tərəddüd içərisindədir. İnsanların bir çoxu toylarda qidalanan zaman zəhərlənmə ehtimalından narahatdırlar.

Bəs görəsən qida zəhərlənmələrinin bu qədər artmasına səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Ramazan Nəbiyev bildirib ki, müxtəlif qida məhsulları hazırlamaq üçün alınan məhsulların üzərindəki məlumatlar dəqiq oxunmalıdır.

Agentlik rəsmisinin sözlərinə görə, yay aylarında zərərli mikroorqanizmlər daha sürətlə yayılır və buna xüsusi diqqət edilməlidir. Bundan əlavə, yeməkləri bişmiş və hazır halda açıq şəraitdə uzun zaman saxlamaq olmaz.

Mütəxəssis onu da bildirib ki, ət və meyvə-tərəvəz doğrayan bıcaqlar və onların qoyulduğu taxtalar da ayrı olmalıdır. Çünki onların hansısa birində olan bakteriyalar digərini yoluxdura bilər.

Agentlik rəsmisi əlavə edib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar qurumun 1003 saylı qaynar xəttinə zəng edib məlumat verə bilərlər.

Nə düşünürsən?