Загрузка...

Azərbaycanın idmançı polisləri iki medal qazandı

05.12.2017 | 11 | 0

Polis əməkdaşları bayrağımızı bu dəfə Belarusun paytaxtı Minskdə dalğalandırıblar. APA TV-nin məlumatına görə, cari ilin 1-4 dekabr tarixləri arasında Belarusun paytaxtı Minsk şəhərində 7-ci "Döyüş Növlərinin Dünya Oyunları" yarışları keçirilib. Çempionatda 71 ölkədən 4000-ə yaxın idmançı 16 döyüş növündə öz güclərini sınayıblar. Yarışda ölkəmizi Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin 5 idmançısı təmsil edib. Oyunların tərkibində keçirilən "Cu-Citsu" üzrə dünya çempionatında idmançılarımız bacarıq və peşəkarlıq nümunələri göstərərək yüksək nəticələr əldə ediblər. Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Eldar Abdullayev 86 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq 1-ci yerə layiq görülüb. Çempionatda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru polis mayoru Həsən Əliyev 80 kiloqram, DİN-in İdman Cəmiyyətinin inspektoru polis baş leytenantı Elşən İbişov isə 94 kiloqram çəki dərəcəsində 2-ci yerlərə layiq görülüblər. Azərbaycanı yarışlarda təmsil edən nümayəndə heyətinin rəhbəri, əməkdar məşqçi Rəsul Məmmədov komandanın üzvləri adından yarış iştirakçılarına yaradılan şəraitə, diqqət və qayğıya görə DİN rəhbərliyinə, eləcə də Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşlarına təşəkkürlərini bildirib.

yüklənir...
Nə düşünürsən?