Təsərrüfatını yaylaqsız təsəvvür etməyənlər

  • 21.08.2019
  • 0

Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi həmdə heyvandarlıqla məşğul olan tərəkəmə ailələrinə ciddi ziyan vurur.  APA TV-nin Qarabağ bürosunun məlumatına görə, 27 ildir yaylaqlara çıxa bilməyən tərəkəmə ailələrindən birinin sahibi də Murad Ağazadədir. 

O, 11 yaşından çadır alaçıqlarda və ya qarğı daxmalarda ailəsi ilə birlikdə heyvandarlıqla məşğul olub. Özü təhsil ala bilməsə də, 5 övladından 3-ün ali təhsil almasına nail olub. Evləndirib  ailə sahibi edib. Amma yaylaqlara gedə bilməməsi, yayı, qışı aranda qalması onu ən böyük arzusundan uzaq saxlayır: “Dədə-babamız tərəkəmə olub. Biz də uşaqlıq vaxtlarından qoyunçuluqla məşğuluq. O vaxtlar yaylaqlarımız vardı, Kəlbəcər vardı, Şuşa vardı, gedərdik ora. İndi gedə bilmirik”.

Hazırkı vəziyyət heyvanlara ciddi  ziyan edir. İsti havalarda heyvanlar arasında tələf olma bundan qaynaqlanır. Heyvanları yemləmək isə daha çox xərc tələb edir. İnsanlar bu səbəbdən təsərrüfatı böyüdə bilmir: “İndi çətinlik çəkirik. Heyvanın sayını çoxalda bilmirik. Kipin birini 3 manata alırıq, arpanı 35 qəpiyə. Amma çox saxlasaq, biz də heyvanı ucuz satardıq”.

Beyləqan rayonu ərazisində yaylağa gedə bilməyən belə təsərrüfatlar çoxdur. Hamısının da becərdiyi, Qarabağı, Tatallar və Qaradolaq cinsli qoyunlarıdır. Sovetlər dönəmində Moskvadan gələn tapşırığa əsasən yerli sortların məhvinə və metis qoyunların inkişafına qərar verilib: “Sovetlər dönəmində bizi məcbur edirdilər ki, metis qoyun saxlayaq. Amma bizim tərəkəmələr bu qoyunları qoruyub ayrıca saxlayırdı. Həmin sortlardır ki, indiyə kimi gəlib, indi də çoxaldılır”.

Çərkəz Şirinov deyir ki, bu gün böyük şəhərlərdə bütün qəssablar və ya ara alverçiləri satdıqları heyvanları bizim qoruyub saxladığımız və bu gün çoxaltdığımız heyvanların adı altında satır. Hazırda hər yerdə bu sortlara tələbat var. Çünki əti də, südü də dadlı, yunu isə keyfiyyətlidir.

Nə düşünürsən?