Əli Həsənovdan açıqlama

  • 19.08.2019
  • 0

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlama verib.


Açıqlamada deyilir:


-Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər.


Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...


Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir.

Nə düşünürsən?