Sabirabadda dəvəçiliyə maraq artır

  • 08.08.2019
  • 0

Bir zamanların ən məhşur məşğuliyyət növü olan dəvəçiliyə son zamanlar maraq azalıb. Amma "səhra gəmiləri"nin nəslinin kəsilməsinə imkan verməyənlər də var.

Xezerxeber.az-ın məlumatına görə, Sabirabad rayonunda yaşayan Şıxəliyevlər ailəsinin dəvə təsərrüfatları var.

Dediklərinə görə, ulu babalarından onlara miras qalan və nəsildən-nəslə ötürülən dəvələri saxlamaqda məqsədləri tarixi keçmişi qorumaqdır.

Hazırda Sabirabad rayon, Kovlar kəndində yerləşən bu təsərrüfatda 27 dəvə saxlanılır. Təsərrüfatın baxıcısı Güloğlan Məmmədov deyir ki, heyvandarlıqla məşğul olanların bu sahəyə yenidən dönüş etməsi və dəvələrin sayının çoxalmasında onların da zəhmətləri az deyil. Bir çox təsərrüfatlara damazlıq dəvələr satıblar. Bayram və el şənliklərində dəvələri nümayiş etdirməklə insanların bu heyvanlara sevgisini artıra biliblər.

Dəvə südündə inək südündən 10 dəfə çox dəmir, 3 dəfə çox isə C vitamini var. Bir çox digər vitaminlərlə də zəngin olan dəvə südü az tapıldığından bir litri ən ucuz halda 20 manata satılır. Dəvənin özünün satışına gəlincə, görkəmi kimi qiyməti də əzəmətlidir.

Qeyd edək ki, yük götürmə gücünə, eləcə də uzun müddət ac və susuz qalmaq bacarığına görə digər heyvanlardan seçilən dəvələr 500 kq-dan 1 tona kimi yük götürə bilir. Dayanmadan 30-50 km-ə qədər yol qət etmək bacarığına malikdirlər.

Nə düşünürsən?