Prezident İlham Əliyev və xanımı Pirallahıda

  • 07.08.2019
  • 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda "Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılan "NərəMİZ” balıqyetişdirmə zavodunun istehsalat prosesi ilə tanış olublar.


"CMS Properties” şirkətinin rəhbəri Eyvaz Eyvazov dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdi. Pirallahı adasının girişində təməli Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə qoyulan kompleksin qapalı tipli istehsal sexləri inşa olunub. Ümumi sahəsi altı hektar olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burada 30 iş yerinin açılması nəzərdə tutulur və perspektivdə onların sayı 70-ə çatdırılacaq. Kompleks çərçivəsində açıq tipli ferma, mehmanxana, yaxt-klub və koteclər də layihələndirilib.


"NərəMİZ” balıqyetişdirmə zavodunda müasir texnologiyalarla suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli fermanın inşası tamamlanıb. Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təsirindən qorunmasına və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılır. Layihənin növbəti mərhələsində dənizdə qəfəs təsərrüfatının qurulması nəzərdə tutulur. Hazırda münasib yerin seçilməsi üçün ölçmə-axtarış işləri aparılır. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır. Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə zəruri şərait yaradılıb, balıq bazarı inşa olunub.


Layihə çərçivəsində ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün şəraitin yaradılması məqsədilə kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb və ərazidə müasir park salınıb.


Bu layihənin icrası ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sahəsində mühüm nailiyyətlər əldə olunub, bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.


***


Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək, binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.


Prezident İlham Əliyevin "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksi inşa olunur. Rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə yerləşən kompleks 28 çoxmərtəbəli, 807 mənzilli binadan ibarət olacaq. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın tikintisi başa çatıb. Kompleksə daxil olan digər binalarda isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub. Kompleksə 340 şagird yerlik məktəb binası, 120 yerlik iki uşaq bağçası, üç idman meydançası və velosiped zolağı daxildir. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.


Bu layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onun rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.


***


Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş "Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.


AZƏRTAC xəbər verir ki, beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.


Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin "ASAN xidmət”in "Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgiyə baxdılar.


İstirahət məkanında "Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.


Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənib. Bu tədbirlərin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin real nəticəsidir.


Sonra dövlətimizin başçısı və birinci xanım "Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ictimaiyyət nümayəndələrini salamladılar.


Sakinlər: Xoş gəlmisiniz cənab Prezident, hörmətli Mehriban xanım. Səfa gətirmisiniz, həmişə Siz gələsiniz.


Prezident İlham Əliyev: Sağ olun.


Mehriban Əliyeva: Xoş gördük, sizi görməyimizə çox şadıq, çox sağ olun.


Sakin: Cənab Prezident, biz Pirallahı rayonunun ağsaqqalları Sizə, Mehriban xanıma bir daha xoş gəlmisiniz deyirik. Bu gün Pirallahı qəsəbəsi, Pirallahı rayonu demək olar ki, Bakı şəhərinin ən qabaqcıl rayonlarından biridir. Görülmüş bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün bu abadlıq işləri Sizin sayənizdə görülüb.


Sakin: Sizə, Mehriban xanıma möhkəm cansağlığı arzulayırıq.


Prezident İlham Əliyev: Sağ olun.


Sakin: Bir neçə gün bundan əvvəl Siz qaçqınlarla görüşə gəlmişdiniz. Bu gün də, cənab Prezident, Pirallahıda bizimlə görüşürsünüz. Sizə dərin minnətdarlığımızı bildiririk. Burada böyük abadlıq işləri görülür, qəzalı binalar çoxdur, 400-ə yaxındır, indi Sizin sayənizdə tikinti gedir. Allah Sizi qorusun.


Prezident İlham Əliyev: Sağ olun. Rayonun inkişafına diqqət göstərilir. Son illərdə böyük quruculuq-abadlıq işləri aparılmışdır. Rayonun siması dəyişib və bu gün dediyiniz kimi, Bakının ən qabaqcıl rayonlarından biridir. Burada infrastruktur layihələri icra edilir, içməli su layihəsi iki il bundan əvvəl öz həllini tapdı, qazlaşma ilə bağlı bütün məsələlər öz həllini tapdı. İş yerləri yaradılır, burada dərman zavodu tikilir, şpris zavodunun açılışı bir qədər bundan əvvəl reallığa çevrildi. Yəni, bu onu göstərir ki, biz həm iş yerlərinin yaradılması istiqamətində uğurlara nail oluruq, həm də abadlıq işləri aparılır. Məcburi köçkünlər üçün yeni evlər istifadəyə verilib, 300-dən çox ailə orada məskunlaşır. İnzibati binalar, yollar tikilir. Yəni, rayonun hərtərəfli inkişafı üçün böyük işlər görülür və bundan sonra da görüləcəkdir. İş yerlərinin yaradılması da daim gündəlikdə duran məsələlərdən biridir və balıqyetişdirmə zavodunun fəaliyyətə başlaması da, hesab edirəm ki, çox önəmli hadisədir. Əlbəttə, ictimai zonalar, parklar salınır, vətəndaşlar üçün, istirahət etmək üçün gözəl imkanlar var.


Sakinlər: Çox sağ olun, var olun.


Veteran idmançı: Mən də bir veteran idmançı, dünya çempionu kimi idmançılar adından Mehriban xanıma böyük təşəkkür edirəm. Sizə cansağlığı arzulayıram. Mənim ayağım protezdir, mənə kömək etdiniz, çox sağ olun.


Mehriban Əliyeva: Sağ olun. Sizə cansağlığı arzulayıram.


Veteran idmançı: Bu gün mənə idmanla məşğul olmaqda kömək edirlər, arxamda dayanırlar, dəstək olurlar, yarışlar keçiririk. Mən də bir veteran idmançı kimi Sizə cansağlığı arzulayıram, bizim Pirallahıya xoş gəlmisiniz. Biz Vətənimizə xidmət etməyə həmişə hazırıq.


Veteran neftçi: Mən də bir veteran neftçi kimi, əziz Prezident, əziz vitse-prezident, Sizə möhkəm cansağlığı, uğurlar arzulayıram. Dediyiniz kimi, Sizin siyasətinizin ana xəttini doğrudan da biz təşkil edirik, Azərbaycan xalqı təşkil edir. Bu işdə Sizə yeni-yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun!


Prezident İlham Əliyev: Çox sağ olun.


X X X


Sonda xatirə şəkli çəkdirildi.


***


Avqustun 7-də YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.


Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.


Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir, həmçinin şəhər və rayonların gözəlliyinə əlavə rəng qatır.


***


Avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.


Dövlətimizin başçısı İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.


Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, "bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.


Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə gənclər siyasəti 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilir. Dövlətimizin başçının rəhbərliyi ilə həyata keçirilməkdə olan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu baxımdan çox mühüm rol oynayır.


***


Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.


Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verdi.


Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış oldular.


Prezident İlham Əliyevin "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.


Yeni binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.

Nə düşünürsən?