Səhərdən başlayan külək fəsadlar törətdi

  • 05.08.2019
  • 0

Güclü külək bir neçə saatdır Bakını və ətraf şəhərləri cənginə alıb. Sumqayıtda 3-cü mikrorayon, 6/2a nömrəli binanın qarşısından keçən, 57 yaşlı Yetər Zeynalovanın başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir

Yenə də Sumqayıtda 12-ci mikrorayonda, 10 yaşlı qız uşağını başına ağac budaqları sınıb tökülüb. 

Səhiyyə Nazirliyindən Reala verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.

Bakıda güclü külək bir fəsadı da Yasamal rayonunun Hüseyn Cavid prospektində törədib. Belə ki, güclü küləyin təsirindən prospektdəki yaşayış binasının damı uçub.

Hazırda həmin ərazidə təmir-bərpa işləri aparılır.

Abşeron rayonunun Müşviqabad qəsəbəsində isə ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abunəçilərin "mavi yanacaq"la təchizatında fasilə yaranmayıb. Ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

ETSN-in Milli Hidrometeorologiya isə bildirir ki, küləkli hava şəraiti yaxın 2 gün ərzində davam edəcək. Yəni, ayın 8-ə kimi şimal küləyi üstünlük təşkil edəcək. Sərin hava şəraiti müşahidə olunacaq. 

 

6-7 avqust tarixlərində isə küləyin sürəti azalacaq. 13-18 m/s və arabir 21 m/s təşkil edəcək”. ETSN-nin məlumatına görə, hazırda dalğanın hündürlüyü açıq dənizdə 2,5 metrdir:

“Gün ərzində davam edən güclü küləklə əlaqədar açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası inkişaf edəcək.

Nə düşünürsən?