“Pomidor ona görə bahadır ki...” - Şəmkirli fermer

01.08.2019 | 166 | 0

Əkinçilik Şəmkir rayonunun kəndlərində əhalinin əsas gəlir mənbəyidir. Rayonun 30-dan artıq kəndində vətəndaşlar öz həyətyanı sahələrində və pay torpaqlarında tərəvəzçiliklə məşğuldurlar. "Qafqazinfo” əməkdaşları bölgələrə səfər çərçivəsində bir neçə fermerin iş şəraiti ilə tanış olmaq imkanı əldə edib. Bu dəfəki dayanacağımız pomidor və xiyarın xüsusilə istixana şəraitində ən çox yetişdirildiyi Şəmkir rayonudur.

Müsahibimiz – rayonun Əliyarqulu kəndindən olan fermer Şahin Məmmədovdur. O da öz kəndliləri kimi istixana şəraitində pomidor və xiyar kimi tərəvəzlər yetişdirir, ailəsinin dolanışığını məhz bu yolla təmin edir. Dediyinə görə, bu cür tərəvəzlərin, xüsusən də pomidorun istixanada yetişdirilməsi çətin işdir və yığımı, qablaşdırılması da böyük zəhmət tələb edir. Şitillərə zərər vurmamaq üçün maksimum diqqətli və incə işləmək lazımdır.

Şahin Məmmədov deyir ki, bu il havaların əlverişsiz keçməsi, temperatur dəyişmələri onlar üçün bir sıra risklər ortaya çıxarıb. Bu isə pomidorun qiymətinə təsirsiz ötüşməyib: "Yazda əkilən pomidorlar soyuq havalara düşdü, məhsul gec yığıldı, ona görə də qiymət bahalandı”.

Söhbət əsnasında fermer bildirdi ki, onlar məhsulu alıcılara elə öz həyətlərində satırlar. Əsas alıcıları isə bu məhsulları Bakı və digər şəhərlərin supermarketlərinə və bazarlarına çatdıran topdansatış mərkəzləridir. Onun sözlərinə görə, sahibkarlar məhsulları birbaşa fermerlərin özündən tədarük etsə, qiymətlərlə bağlı xoşagəlməz hallar və müzakirələr yaşanmaz. "Məhsullarımızı böyük marketlərə çıxara bilmirik. Ona görə də yaxşı olardı ki, böyük marketlər gəlib məhsulu bizim özümüzdən alsınlar, biz də onlara sərfəli qiymət təklif edək” – deyə, müsahibimiz bildirdi.

Paytaxtın bir sıra supermarketlərində və bazarlarda apardığımız araşdırmalar zamanı bəlli oldu ki, onlar birbaşa topdansatış mərkəzləri ilə çalışırlar. İl boyu əziyyət çəkərək meyvə-tərəvəz yetişdirən fermerdən kilosu 10, 30, 40 qəpiyə alınan məhsul paytaxtda dəfələrlə baha qiymətə təklif edilir. Başqa sözlə desək, kənd təsərrüfatı məhsullarını bölgələrdən paytaxta çatdıran bu vasitəçilər qiymətləri özləri təyin edir, bu səbəbdən kənd təsərrüfatı məhsullarının qiyməti əhali arasında daim müzakirə mövzusu olur.

Fermer Şahin Məmmədovla hazırladığımız video-müsahibəni təqdim edirik:

Nə düşünürsən?
Yüklənir...