Gədəbəydə Milli Yaylaq Festivalı başlayır

  • 23.07.2019
  • 0

Azərbaycanda ilk dəfə Gədəbəy rayonunun Miskinli yaylağında təşkil ediləcək genişmiqyaslı el şənliyi özünün zəngin proqramı ilə diqqət çəkir. Artıq ərazidə dəyələr qurularaq lazımi infrastruktur yaradılır. APA TV-nin qərb bürosunun məlumatına görə, Milli Yaylaq Festivalının başlamasına 4 gün qalır. 

Festivalın açılışı öncəsi son tamamlama işləri aparılır. Ərazidə “Yaylaq Yurdu” adlı etno-qəsəbə orijinal üslubda yaradılıb. 

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də ocağın üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair bişiriləcək. Həmçinin yerli cins atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq.

Festival çərçivəsində “Yaylaq yurdu” adlı etnik qəsəbədə “Yaylaq bazarı” və sənətkarlıq guşəsi fəaliyyət göstərəcək: “Bu tip festivalları Azərbaycanda nümunəvi tədbirlərdən saymaq olar. Bu,  Gədəbəyin təbii füsunkarlığını, iqlimini və  eyni zamanda mədəni resurslarını göstərmək baxımından çox önəmli rol oynayır”.

İyulun 26-dan 28-dək etno-qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı etnoqrafik mədəni idman tədbirləri də təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaq və xarici turistlərin gəlməsi gözlənilir. Milli Yaylaq Festivalı turizm şirkətlərinin, xüsusilə sənətkarlıqla məşğul olan sahibkarların öz məhsul və xidmətlərini təqdim etməsi, yeni əməkdaşlıq əlaqələri qurması üçün yaxşı imkandır: “İndi son yekunlaşma mərhələsindəyik. Xırda detallar var. Dekorasiyalarla bağlı işlər bitir, gələn həftənin 5-ci günü açılışımız olacaq. Bütün elimiz-obamız dəvətlidir. Postsovet ölkələrindən bir çox qonağın, idmançıların, mədəniyyət nümayəndələrinin gəlməsi nəzərdə tutulub. O cümlədən, qardaş Türkiyədən böyük nümayəndə heyətinin etno-idman növləri birliyinin, dünyanın digər ölkələrindən idmançıların gəlməsi gözlənilir. Avropa ölkələrindən - Makedoniyadan, Macarıstandan, Kosovadan iştirakçılar gələcək”.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların  nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək. Festivalda qonaqlar və turistlər arasında masa güləşi, kəndirdartma kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Qeyd edək ki, festivala tamaşa etmək üçün gələn qonaqlar özləri də “Yaylaq yurdu” ərazisində çadırlar qurub, el şənliyinə qatıla bilər.

Nə düşünürsən?