On minlərlə İKT mütəxəssisinə ehtiyac olacaq

  • 30.11.2017
  • 0

Hazırda Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologyaları üzrə 1500-ə yaxın mütəxəssis var. Amma yaxın gələcəkdə bu sahə üzrə on minlərlə mütəxəssisə ehtiyac olacaq. Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Ölkəmizdə rəqəmsal iqtisadiyyat sürətlə inkişaf etdiyindən bu sahənin mütəxəssislərinə də ehtiyac artacaq. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bu il üzrə Azərbaycanda 19 universitetin kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi fakültələrinə 1652 abituriyent qəbul olub. Yaxın gələcəkdə İKT mütəxəssislərinə duyulacaq ehtiyacla bağlı proqnozlar baxımından bu rəqəm qənaətbəxş hesab oluna bilməz. Üstəlik, bu sahə üzrə təhsil alan tələbələr də ali məktəblərdə verilən təhsilin iş həyatı üçün kifayət etmədiyini deyirlər. İKT üzrə mütəxəssis Samir Kərimovun sözlərinə görə, dünyada əksər universitetlərdə bu sahə üzrə verilən təhsil işləmək üçün kifayət etmir. Bu halda isə tələbələrin özləri araşdıraraq öyrənməli, çətinlik yaşadıqları hissələri müəllimlərdən soruşmalıdırlar. Ölkəmizdə hazırda İKT sahəsini tədris edən çoxlu sayda kurslar da fəaliyyət göstərir ki, burada da minumum qiymət aylıq 100-150 manatdır.

Nə düşünürsən?