Alış-veriş zamanı çeki mütləq tələb edin!

  • 18.07.2019
  • 0

Müştərilərə kassa çeki verməyən sahibkarlar cərimələnəcək

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib. 

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Dövlət büdcəsinə daxil olan vergilər büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Vergi Məcəlləsinin müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən yazılı xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, bu rəsmi xəbərdarlıq edilmiş sahibkarların fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər. 

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməyə dəvət edir.

Nə düşünürsən?