Polis rəisi: “Bir narkoman qısa vaxtda 30-40 adamı başına toplaya bilər”

  • 29.11.2017
  • 0

"Dövlət başçımız başda olmaqla hüquq-mühafizə orqanları, rayon icra hakimiyyətləri narkomaniyaya qarşı mübarizəni aparır. Ancaq mülki şəxslər arasında bizi dəstəkləyənlərin sayı çox azdır. Biz bununla təcrübədə qarşılaşırıq". APA TV-nin xəbərinə görə, bu fikirləri Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov 252 nömrəli məktəb-liseydə keçirilən tədbirdə bildirib. "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında keçirilən tədbirdə 100-dən çox müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb. Çıxış edənlər ölkədə törədilən cinayətlərin 70-80 faizinin narkotik vasitələrin təsiri ilə və sərxoş vəziyyətdə olanların törətdiyini qeyd edib. Xüsusi ilə gənclərin narkomaniya bəlasına yuvarlanmasının qarşısını almaq üçün belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov ölkədə narkomaniyanın və dini-radikalizmin yayılmasında xarici qüvvələrin fəaliyyət göstərdiyini deyib: "Ölkə xaricindən gələn qüvvələr stabilliyi pozmaq üçün narkomaniyanı və dini-radikalizmi yaymaqla təəssüf ki, müəyyən işlər görürlər. Sözsüz ki, buna külli-miqdarda maliyyə vəsaitləri xərclənir. Bir narkoman çox qısa vaxtda 30-40 adamı başına toplaya bilər. Özünüzü qoruyun. Bu gün müxtəlif həblər vasitəsi ilə onların məktəbdə yayılmasına cəhd oluna bilər. Heç kəs arxayınlaşmasın. Nə məktəbin rəhbərliyi, nə müəllim heyəti, nə şagirdlər ki, burda baş verə bilməz. Bizim burda olmağımızın məqsədi də sizi maarifləndirməkdir". Çıxışlar zamanı məktəb rəhbərliyinə, müəllimlərə tapşırıldı ki, siqaretə, narkotikə meylli şagirdlərin qeyd olunaraq diqqət mərkəzində saxlanılsın, az yaşlı qızların erkən evliliyinin qarşısı alınmasında hüquq-mühafizə orqanlarına kömək edilsin. Tədbirdə APA TV-nin noyabrın 22-də dünyasını dəyişən əməkdaşı Natiq Qədimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəkilində sona çatıb.

Nə düşünürsən?