Goranboydakı atışma ilə bağlı rəsmi açıqlama verildi

  • 13.07.2019
  • 0

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Məlumata əsasən, iyulun 12-si gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görərək səbəbini müəyyənləşdirmək məqsədilə onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra T.Əmrəhovun qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.


Polis qonaqlıqda atəş açdı, qardaşları yaraladı: Goranboydakı atışmanın - TƏFƏRRÜATI + YENİLƏNİB

Goranboyda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

Oxu.Az -ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Goran qəsəbəsində qeydə alınıb.

Gənclərdən birini hərbi xidmətə yola salmaq üçün təşkil edilən yığıncaqda qohumlar arasında mübahisə yaranıb. Bu zaman Lətif Əmrahovla orada olan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov arasındakı mübahisə davaya çevrilib.

L.Əmrahovun qardaşı Təbriz Əmrahov onları ayırmağa çalışarkən V.Kərimov ona təhkim olunmuş tabel silahı ilə atəş açıb. Nəticədə hər iki qardaş yaralanıb.

Qardaşlar və dava zamanı xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. T.Əmrahov komatoz vəziyyətdədir.

Faktla bağlı araşdırma davam edir.

Nə düşünürsən?