Çoxmənzilli binaların sənədləşdirilməsi

  • 10.07.2019
  • 0

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı prezidentin fərmanının icrası üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilin sonunadək ölkə üzrə 377 çoxmənzilli yaşayış binasında araşdırmalarını davam etdirəcək.


İndiyə qədər artıq 100-dən çox binanın istismarı ilə bağlı rəy verilib:


Qeyd edək ki, dövlət fərmanı əsasında istismarına icazə verilməsi nəzərdə tutulan ümumilikdə 485 binanın 424 Bakı şəhərində, qalanları isə Abşeron, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Zərdabda yerləşir. Rast gəlinən problemlər əsasən sahibi olmayan binalara aiddir.


Məlumat üçün deyim ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binaların istismara hazır olmasını təsdiq edən xüsusi rəy verdikdən sonra bu sənəd əgər bina Bakıda yerləşirsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər ərazilər üzrə isə yerli icra hakimiyyətlərinə göndərilir.


Binanın istismarına icazənin verilməsi səlahiyyəti məhz bu qurumlara məxsusdur. Daha sonra isə icazə sənədləri mənzillərin qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilir.


Komitə istismarına icazə verilən binalardakı mənzillərin sənədləşdirilməsi istiqamətində səyyar qeydiyyat xidməti həyata keçirir və iyulun 20-nə qədər də bu aksiya paytaxt ərazisində davam etdiriləcək.


Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun məlumatına əsasən, indiyə qədər Bakı şəhəri üzrə 2 mindən çox sakinə çıxarışlar hazırlanıb. 4 mindən çox çıxarışın hazırlanması üçün isə sənədlər toplanıb.


Qeyd edək ki, ölkə başçısı bu il fevralın 19 da bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı fərman imzalayıb.

Nə düşünürsən?