Azərbaycan - Avropa İttifaqı münasibətləri dərinləşir

  • 09.07.2019
  • 0

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşılayıb.

Sonra tərəflər təkbətək görüş keçiriblər. Görüşdə çıxış edən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk isə qeyd edib ki, niyyəti Avropada Azərbaycanla mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Donald Tusk Prezident İlham Əliyevin əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib.

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub. Sonra Prezident İlham Əliyev və avropalı qonaq mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin müsbət dinamikası var. Tərəflər arasındakı danışıqlar uğurla davam edir və bir çox məsələlər artıq öz həllini tapıb. Dövlət başçısı həmçinin qeyd edib ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olunub. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdiyini də bildirib.

Prezident İlham Əliyev Donald Tuskla həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələlərin müzakirə olunduğunu da deyib. Qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı bir çox sahədə konstruktiv əməkdaşlıq edir.

Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Bu əməkdaşlığı gücləndirmək üçün çox işlər görülür. Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk isə çıxışında bildirib ki, günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə Azərbaycan həm Şərqə, həm də Qərbə doğru baxır. Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb. Tusk təmas xəttindəki vəziyyətə də toxunub və son itkilərin onları narahat etdiyini bildirib.

Avropa İttifaqı Şurasının prezidenti bildirib ki, həll olunmamış Dağlıq-Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyası yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?