Qazaxıstana lisenziya ardınca

  • 09.07.2019
  • 0

Minskdə keçirilən 2-ci Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edən güləşçilərimiz qarşıda daha ciddi sınaq gözləyir. Pəhləvanlarımız Sentyabrda təşkil olunacaq Dünya Çempionatında mübarizə aparacaqlar. Mundiala kimi isə güləşçilərimiz bir neçə beynəlxalq turnirdə iştirak edəcəklər.

Sərbəst güləş üzrə seçməmiz artıq Türkiyədədir. Komandamız qardaş ölkədə təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi İstanbula yollanıb. İdmançılarımız ayın 11-dən 14-dək reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvələrini sınayacaqlar.

Yarışdan sonra Bakıya qayıdacaq güləşçilərimiz iyulun 17-də Göygölə yola düşəcəklər. Sərbəstlərə Yunan-roma və qadın güləşçilərimiz də qoşulacaq. “Klassiklərimiz” Göygöl toplanışından sonra avqust ayında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar. Bundan sonra hər 3 millimizin Dünya çempionatı üçün heyəti müəyyənləşəcək.

Xatırladaq ki, Qazaxıstanda təşkil olunacaq mundial Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Güləşçilər hər növdə 10 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər. Yarışı ilk 5-likdə bitirəcək pəhləvanlar olimpiadaya lisenziya xalları qazanacaq

Nə düşünürsən?